25 yaşın ötəri fəlsəfəsi


25 il tamam oldu. Səmərqəndin doğum evlərinin birində ilk dəfə bu dünyaya göz açmağımdan artıq düz 25 il keçir. 25 rəqəmi həmişə mənə ¼-i xatırladır. 100 il yaşamaq kimi bir düşüncəm olmasa da, sanki 100%-lik yolun cəmi 25%-ini getmişəm. Qarşıda isə məni il hesabına görə ağır və uzun, 25 ilin bir göz qırpımında necə tez gəlib getdiyini düşünəndə isə 3 göz qırpımı qədər olacaq 75% gözləyir. Bu 100%-in dolacağı və ya hansısa faizdə yarımçıq kəsiləcəyi isə yalnız Ona bəllidir. Bu yaxınlarda bir cümlə diqqətimi cəlb etdi: “İnsan doğulanda qulağına azan oxunur, dünyasını dəyişəndə isə onun üçün azansız namaz qılınır.” İnsan ömrü azanla namaz arasındakı müddət qədər imiş, demə. 

25 il necə 1 anlıq kimi ötəri keçdisə, elə bu ötəri həyatda ötəri hisslər, ötəri hadisələr, ötəri aldığım dərslər, ötəri düşüncələrim də çox olub.

Nələri qazanmışamsa, ikiqat itirməyim nəticəsində olub. Əlçatmazlarım çox olub. Amma həmişə əlçatmaz hesab etdiklərim elə əlçatmaz olaraq da qalıb. Nə zaman ki, əl çəkmişəm, mənim üçün əhəmiyyətini itirib, elə o zaman onlara çatmağa başlamışam.

Insanları tanımağa onlara olan inamımı itirəndən sonra başlamışam.

Dostlarımın dəyərini yalançı dostları görəndən sonra bilmişəm.

Insanları sevməyə şeytanlarla tanış olandan sonra başlamışam.

Qaranlıqlardan, şeytandan, mənfilərdən qorxmağı əsl qorxulmağa layiq olan tək Allahın olduğunu dərk edəndə tərk etmişəm.

Əgər hər zaman ölümümüzün yaxınlaşdığını düşünərsək, məqsədimizə nail olmaq üçün daha çox çalışarıq.

Öyrənmişəm ki, hamı mənim istiqamətimdə baxmır. Mənim arşınımla başqalarının arşını fərqlidi.

Əvvəllər deyirdim ki, hər başlanğıc bir sondur. Indi isə deyirəm ki, hər son bir başlanğıcdır.

Mənə görə həqiqi dost, mənim kədərli anlarımda mənə görə pis olan deyil. Normal olan hamı bunu edir. Əsl dost mənim xoşbəxt anımda mənimlə birgə xoşbəxt olmağı bacarandır. Bu isə çooox çətindir.

Mən anladım ki, baxmaq və görmək, dinləmək və eşitmək, oxumaq və bilmək tamamilə fərqli anlamlardır.

Mən öyrəndim ki, dünyada pis ana və ata yoxdur. Valideynlər ya ana, ata olmağı bacarır, ya da bir ömür boyu bu kəlmələrin nə olduğunu belə dərk etmir.

Düşüncəndəkilər mənfi qaldıqca, həyatındakı heç nəyi müsbət edə bilməzsən. Həyatını, özünü, ətrafını dəyişmək üçün mütləq düşüncə tərzini dəyişməlisən. Dəyişə bilmədiyin hadisə sənə xoş deyilsə, o hadisəyə özünə xoş olan yöndən baxmalısan.

Sənə önəm verən insanı diri-diri məhv etmək ona göstərdiyin etinasızlıqdan keçir. Bir ömür boyu peşmançılığın qucağında uyumaq istəmirsənsə, sevdiklərinə qayğını, sevgini göstərməyi təxirə salmamalısan. Çünki hər an gec ola bilər.

Mən başa düşdüm ki, yaxşı yaşamaq üçün mübarizə aparacaqsan, mübarizə apardıqdan sonra yaxşı yaşayacaqsan.

Mənim həyatda artıq yalnız iki məqsədim var: Allahı və özümü razı salmaq. Özümü razı salacaq qədər həyatda çalışaramsa, hər bir dünyəvi istəyimə nail ola bilərəm. Allahı razı salaramsa əbədi həyatımı qazanaram. Və bu məqsədlərimi həyata keçirməyin nə qədər çətin olduğunun da fərqindəyəm…

Insanların qəlbinə gedən yol təbəssümdən keçir. 🙂  SMİLEEE !!!

Mənə deyirlər ki, gəncliyinin ən gözəl çağındasan. Biz dəyərini bilməmişik, sən bil. Hərdən gözlərimi yumuram və zamanı hiss etməyə, gəncliyimi duymağa çalışıram. Amma tuta bilmirəm zamanı. Otağın səssizliyində saatın çıqqıltısına bir neçə saniyədən artıq qulaq asa bilmirəm, bir neçə saniyədən artıq saniyənin getməsinə baxa bilmirəm, sıxılıram. Həmin saniyələrin boşa getməsindən sıxılıram. Düşünəndə ki, hiss etmədən neçə milyonlarla boşuna saniyə sərf etmişəm… Indimi gələcək və ya keçmiş barədə düşüncələrə satdığım çox olub. Həqiqətən də keçib getmiş uşaqlığımın, indiki gəncliyimin dəyərini bilmirəm.

Bu günkü ürəkdən sevinə bilməyimi, qəhqəhə çəkməyimi, dünənki göz yaşlarıma, hıçqırıqlarıma borcluyam. Bilirəm, bunlardan hələ çox olacaq. Dünən yıxılmışdım, bu gün isə artıq ayaq üstdəyəm və bu, mənə sabah yıxılmayacağım barədə zəmanəti vermir. Bir ömür boyu yaşadığım bu sistem davam edəcək. Məndə həmişə nəsə əskik olacaq. Mütləq nə isə çatışmayacaq. Çünki hamıda bu belədi. Daha dərinə getsəm, çünki arzular bitib-tükənmək bilmir, biz bu dünyadan 4 əllə yapışmışıq. Daha da dərinə getsəm… yox, elə burda dayansam yaxşıdı.  🙂

PS. Yazımın adını “ötəri fəlsəfə” qoydum. Çünki 25 ilin fəlsəfəsi bu yazıya və bir neçə saatlıq düşüncəyə yerləşən deyildi.

Qısacası, doğum günüm mübarək. Özüm üçün Allahdan mənim üçün xeyirli bildiyi, mənə layiq bildiyi istəklərimə çatmağımı diləyirəm.  🙂

25 yaşın ötəri fəlsəfəsi” üzərinə bir şərh

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.